Blog

Xari bulbul haqqinda melumat

Şuşada bitən 400-dən çox çiçək növü var və onlardan biri də xarı bülbüldür. Xarı bülbül əsasən Cıdır düzündə bitən orta boylu, şah qamətli, heyrət doğuran bir bitkidir. Onun qeyri-adiliyi və bənzərsizliyi ondan ibarətdir ki, bu çiçəkdə müxtəlif istiqamətlərə yönəlmiş üç ləçək açılır. Onun ləçəklərinin başında “bülbül” pərvazlanır və onun çiynində balaca qoşa ləçək var.

Xarıbülbül Azərbaycan florasının nadir endemik bitkisidir. Bu gözəl bitki Səhləbkimilər (lat.Orxidacea) fəsiləsinin Ofris (Ophryslat.) cinsinə aiddir. 

Elmi adı Qafqaz qaş səhləbi (Ophrys caucasica Woronow ex Grossh) olsa da, hamı onu Xarıbülbül kimi tanıyır. Bitkiyə bu ad bülbülə bənzədiyinə görə verilib. “Xar” sözü tikan mənasını verir, yəni “tikan üstündə oturub oxuyan bülbül” deməkdir. “Ophrys” – yunan mənşəli söz olub, mənası “qaş” deməkdir. Alimlər bu adı bitkiyə verməklə məcazi mənada bu gülün digərlərinə yuxarıdan aşağı “baxmağını” göstərir. Xarıbülbül Səhləbkimilər (Orchidaceae Juss) fəsiləsinə daxil olan çoxillik dekorativ ot bitkisidir. Gövdəsi 12-35 sm hündürlükdədir. Yarpaqları gövdənin aşağı hissəsində cəmləşmişdir.  Kök yumrusu şarvari formadadır. Bitkinin kökündə simbioz yaşayan göbələklər mövcuddur. Buna görə də bitkini başqa yerdə əkmək çox çətindir. Yalnız xüsusi becərilmə qaydalarına riayət etməklə kulturada yetişdirmək olar. Tozlanması xüsusi həşəratların köməyi ilə baş verir. Belə ki, çiçəyin gözəl görünüşü həşəratları özünə cəlb edir. Aprel-may ayında çiçəkləyir, iyun ayında meyvə verir.

Xarıbülbülün ətri olmasa da, gözəlliyi ilə hamını valeh edir. Xırda bənövşəyi rəngli ləçəkləri otların, başqa çiçəklərin içində çox çətinliklə seçilir.  Gülün üç ləçəyi var, simmetrik quruluşundan məlum olur ki, gülün dörd ləçəyi olmalı imiş. Dördüncü ləçək yerində arıya bənzəyən, üstündə həşəratlarda olduğu kimi naxışları, məxmər kimi nazik tükcüklərlə örtülü bir böcək – xar var. Belə bir təsəvvür yaranır ki, böcək gülün ortasında oturub dördüncü ləçəyini yeyib. Bülbülün çiynində iki balaca ləçək var. Bu ləçəklər gülün öz ləçəklərinin rəngindən bir azca tünd və bir xeyli balacadır. Aydın görünür ki, bu ləçəklər bülbülün qanadlarıdır. Hətta gülü əlinə alanda belə inanmırsan ki, bülbül də, gülün bir ləçəyinin yerində bitmiş arıya bənzər bir böcək də canlı deyil, sadəcə çiçəyin bir elementidir.

Akademik Validə Tutayuq isə yazır: “Şuşa ətrafında qayalıqlar arasında çox maraqlı bir çiçək var. Bu, xarı bülbüldür. Onun çiçəyinin quruluşu maraqlıdır. Təbiət sanki onda nə isə bir sirr gizlətmişdir. Cıdır düzündə qaya dibində bitən ağ çiçəkli həmərsinin ən sevimli sirdaşı xarı-bülbül ona pənah gətirib. Həmərsin kolu xarı bülbülü çox böyük qayğı ilə qoruyur və onu məharətlə gizlədir. Əks halda xarı bülbülün nəsli çoxdan yox olardı. Xarı bülbül öz gözəlliyi ilə diqqəti cəlb edir. Onun misli görünməmiş gözəl çiçəkləri var.

Xarıbülbül haqqında başqa rəvayət də var: “Bir bülbül varmış. Bu bülbül bir gülə aşiq olubmuş. O gülü sevir, onun başına dolanır, onun üçün cəh-cəh vurur və onu qoruyurmuş. Günlərin bir günündə bir arı gülü görür və onun şirəsini dadmaq istəyir. Həmən an bülbül arının gülə doğru uçmağını görüb, sinəsini qabağa verib, arının qarşısını kəsir. Onlar havada toqquşurlar və arı bülbülü sancır. Lakin bülbül ölmür, sevgisi və cəsarəti onu, sancdığı arı ilə birlikdə başqa bir gülə – Xarıbülbülə döndərir”.

Yalnız Şuşada bitən nadir çiçək

Maraqlidir ki, xarı bülbül öz doğma vətənindən, öz torpağından başqa yerdə bitmir. Çoxları bu çiçəyin vətənini, torpağını dəyişməyə səy göstəriblər, onu köklü-köməcli çıxarıb başqa yerdə əkmək üçün aparsalar da, nəticə verməyib. Bəzi hallarda bitsə də, çiçəyin üçüncü ləçəyi olmayıb. Xarı bülbül öz gözəlliyi ilə ayağını Qarabağ torpağına basan hər kəsi hayıl-mayıl edib, onlarda bu yerlərin gözəlliyinə, ululuğuna inam yaradıb.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *