Blog

Uşaqlara aid şeir

Uşaqlara aid şeir saytımızda təqdim olunur. 1950-ci il iyunun 1-də BMT Baş Assambleyası tərəfindən Uşaqların Beynəlxalq Müdafiəsi Gününün (International Children’s Day) qeyd olunması qərara alınıb. Bu gün tədbirlər təşkil olunur və balacalar şeirlər söyləyib mahnılar oxuyurlar. Seir usaqlar ucun toplu halda sizlər üçün sayta yerləşdirilmişdir.

“Balaca ulduzlar” şeiri

Müəllif:Teymur Elçin.

Göydə yox, yerdədir
Bizim ulduzlar;
Balaca oğlanlar,
Balaca qızlar.
Günəşin dalınca
Gedirlər hər gün,
Dünyanı zülmətdən,
Qurtarmaq üçün.
Göydə yox, yerdədir
Bizim ulduzlar
-Balaca oğlanlar,
Balaca qızlar.

“Balalar” şeiri

Əyyub Türkay.

Balalar, ay balalar,
Tanrıdan pay balalar.
Evlər sizdən nur alar,
Qəlblərə fərəh dolar.

Siz həyata gələndə,
Üz-gözümüz güləndə
Biz ata-ana olduq,
Bu dünyadan kam aldıq.

Mışıl-mışıl yatanda,
İlk addımı atanda
Sizə sevinclə baxdıq,
Gözmuncuğu da taxdıq.

Balaca günəş şeiri

Müəllif: Mina Rəşid.

Yuxudan duran kimi
Hamıya gülümsəyir:
-Ata, sabahın xeyir,
-Ana, sabahın xeyir!

Yeddi yaşlı Günəşdən
Qəm qorxur, qüssə qaçır.
O, balaca günəştək
Ətrafına nur saçır.

Uşaq bağçası(Şirinxanım Kərimbəyli)

Uşaq bağçası bu gün
Bürünüb al qumaşa.
Hər gülüş xoş səda, ün,
Hər körpə bir tamaşa.

Gülür, oynayır qızlar,
Oğlanlar yallı gedir.
Bu balaca ulduzlar
Adamı heyran edir.

Onlar dostların belə,
Məktəbə yola salır.
Şeirlər axır dilə,
Qızlar piano çalır.

Körpələrin gözləri,
Gülüşdən pərvazlanır.
Tükənməyir sözləri,
Ürəklər avazlanır.

Beləcə bayram edir,
Son bağça günün onlar.
Ayrılıq çatıb nədir?
Ayrılacaq ünvanlar.

“Gəlin öyrənək” şeiri

Müəllif: Ağasəfa.

Hər axşamçağı
Bacım Firuzə
Rəqs eləməyi
Öyrədir bizə.
Gəlin öyrənək
Biz oynamağı,
Bayram şənliyi
Olacaq axı?!

“Dünyaya uşaq gəlir”

Ətirli, gül-çiçəkdi,
Yazdı, bahardı uşaq.
Dodaqda bal kimidir,
Budaqda bardı uşaq.
Günəşin zərrələri,
Yazın yağışıdır o,
Gözümüzün işığı,
Ərzin naxışıdır o.
Uşaq tək əzizlənən
Silahlar uşaq deyil.
Dünya ilə oynama,
Dünya oyuncaq deyil.
Əsək uşağın üstdə,
Kəsək yolunu şərin,
Uşaq səsindən gözəl
Nəyi var ki, bəşərin!?
Kini, küdurəti yox,
Vicdanı dümağ gəlir,
Dünya ayağa qalxsın,
Dünyaya uşaq gəlir!
Uşaq gəlmir bu qoca
Dünyaya daş atmağa,
Uşaq gəlir bu qoca
Dünyanı yaşatmağa.

Müəllif: Ələmdar Quluzadə

“Xoruz” şeiri

Müəllif: Abdulla Şaiq.

Ay pipiyi qan xoruz,
Gözləri mərcan xoruz!

Sən nə tezdən durursan,
Qışqırıb banlayırsan,

Qoymayırsan yatmağa
Ay canım məstan xoruz!

“Mən balaca deyiləm”

Səhər tezdən dururam,
Əl-üzümü yuyuram,
O qədər böyümüşəm,
10-a qədər sayıram!

Kuklamı çimdirirəm,
Qəşəng geyindirirəm,
O qədər böyüyəm ki,
Bağçaya da gedirəm!

Ad günümdə hamı mənə,
Qəşəng hədiyyə alacaq
Deməyin mənə balaca,
Mənim beş yaşım olacaq!

Böyüyəm mən, böyüyəm,
Görün necə böyüyəm.
Sevinirəm ay uşaqlar,
Kuklamdan da böyüyəm!

Müəllif: Gülzar İbrahimova

Qərənfil( Abdulla Şaiq)

Qərənfiləm mən,
Gözəl güləm mən;
Yaşıl saplaqlı
Bir sünbüləm mən.

Mən, bağban qızı,
Bağın ulduzu;
Rəngim ağ, sarı,
Al və qırmızı.

Gəl, saxla ayaq,
Durma, gendən bax!
Gəlsəm xoşuna,
Dər, döşünə tax!

 “Bənövşə”( Abdulla Şaiq)

Bənövşəyəm, bənövşə,
Düşmüşəm dilə-dişə;
Qızlar, oğlanlar məni
Dərib taxarlar döşə.

Bahar oldu açaram,
Qar, borandan qaçaram;
Başqa güllər açanda,
Mən quş olub uçaram.

“Göyərçin”

Göyərçinəm, göyərçin,
Kəkilim vardır çin-çin.
Ellər məni bəsləyir,
“Uğurlu quşdur”, – deyir .
Sülhün bir rəmziyəm mən.
Canlı göyərçinlərdən
Ancaq mən çox fərqliyəm,
Əlimdə kağız, qələm,
Başımda fikir, ağıl,
Yazıram şeir, nağıl,
Arabir də hekayət,
Oxuyan alır ibrət.
Gözəl şəkillərim var,
Böyük əməllərim var.
Uşaqlar sevir məni,
Səsim tutub ölkəni.
İndi bilin, balalar,
Nə istəsəz, məndə var.

Müəllif: Abdulla Şaiq

“Uşaqlar” şeiri

Şirinxanım Kərimbəyli.

Qış ötüşüb yaz gələr,
Avazlanar uşaqlar.
Günlərin bağrın dələr,
Pərvazlanar uşaqlar.

Səadətlə oynaşar,
Qanlar odla qarışar,
Şadlığı aşıb-daşar,
Nə yazlanar uşaqlar?

Dər-divarı eşərlər,
Torpaqla güləşərlər,
Can deyib dilləşərlər,
Hey nazlanar uşaqlar.

Oynamaqdan doymazlar,
Evə ayaq qoymazlar,
Nə yoruldum duymazlar?
Bəyazlanar uşaqlar.

Dünyaya işıq təki,
Evə yaraşıq təki,
Sinəyə aşıq təki,
Nə sazlanar uşaqlar?


“Gəlin Uşaqlara oxşayaq” şeiri

Ələmdar Quluzadə.

Üfüqlər səmada oyanan səhər,
Dan yeri şəfəqə boyanan səhər.
Uşaqlar sabaha boylanan səhər
Gəlin uşaqlara oxşayaq bir az.

Günəş kainatın çıraq dünyası,
Çiçəklər, ləçəklər budaq dünyası.
Uşaqlar dünyanın uşaq dünyası
Gəlin uşaqlara oxşayaq bir az.

Gözəli köksümdə dil açan dilək,
Dəcəli sinəmdə döyünən ürək.
Gəlin uşaqlarla əl-ələ verək
Gəlin uşaqlara oxşayaq bir az.

Uşaq tək sevinək ocaq görəndə,
Qanadlı quş olaq budaq görəndə
Harda olur-olsun, uşaq görəndə
Gəlin uşaqlara oxşayaq bir az.

Dodaqlar nəğmənin təzəsin deyə,
Gülüşlər dünyanı bəzəsin deyə,
Uşaqlar bizlərə bənzəsin deyə
Gəlin uşaqlara oxşayaq bir az.

“İşığın dili” şeiri

Müəllif: Ələsgər Əlioğlu.

Çıxıb təkcə gəzməyi,
Bacarıram şəhərdə.
Maşınlardan qorxmuram,
Heç vədə küçələrdə…
Qırmızı işıq deyir:
Keçiddə ayaq saxla!
Sarı deyir:
Hazırlaş!
Yaşıl deyir:
Di adla!
Çox yaxşı öyrənmişəm,
Keçməyi hər keçiddən.
İndi başa düşürəm
İşığın dilini mən

Sevinc Nuruqızı. Ailəm

Evimiz də var
Eyvanımız da.
Xorhaxor yatan
Məstanımız da.
Gözəl nənəm var
Saçı gümüşü.
“can” söyləməkdir
Nənəmin işi.
Bax, bu babamdır
Əlində əsa.
Sözü uzatmaz
Söyləyər qısa.
Anamla atam
Çalışır mənim.
Bacımla başım
Qarışır mənim.
Beş yaşında mən
Bacım yaş yarım.
Bir də varımdır
Oyuncaqlarım.
Bir əmim bir də
İki dayım var.
Filim, maşınım,
Dələm, ayım var

Leave a Reply

Your email address will not be published. Required fields are marked *