Nizami Gencevi seir
Nizami Gencevi seir və əsərləri ədəbiyyat nümunələri, inciləridir. Tarixdə iz buraxan şəxsiyyətlərdən biri olan Nizami Gəncəvi 1141-ci ildə Gəncədə anadan olub. Gəncəli mənasında Nizami Gəncəvi adıyla tanınsa da, şairin əsl adı İlyasdır. Nizami Gəncəvi lirik şeirlərin, “Xəmsə” (“Beşlik”) adı ilə məşhur olan “Sirlər xəzinəsi”, “Xosrov və Şirin”, “Leyli və Məcnun”, “Yeddi gözəl”, “İsgəndərnamə” poemalarının müəllifidir. Nizami Gəncəvidən sonra Şərgin bir çox böyük şairləri onun təsiri ilə Xəmsələr yazmışdır.
Oğlum Məhəmmədə nəsihət | Nizami Gəncəvi
Sən, ey on dörd yaşlım, hər elmə yetkin!
Gözündə əksi var iki aləmin!
Yeddi yaşar oldun o zaman ki sən,
Açıldın gül kimi güləndə çəmən.
İndi ki çatmışdır yaşın on dördə,
Başın sərv kimi durur göylərdə.
Qəflətdə oynama, qeyrət vaxtıdır,
İndi hünər vaxtı, şöhrət vaxtıdır.
Kamala ehtiram göstərər həyat.
Uşaqkən əslini sorsalar bir az,
Ağac bar verəndə cinsi sorulmaz!
Elə ki böyüdün, belədir qayda,
Atanın adından sənə nə fayda?
Sən aslanlar kimi keç cəbhələrdən,
Yalnız hünərinin balası ol sən!
Səadət kamalla yetişir başa,
Xalqa hörmət elə, ədəblə yaşa,
Öz adına layiq işlər gör ki, sən,
Axırda utanma xəcalətindən.
Oğul, sözlərimə yaxşı qulaq as!
Ata nəsihəti faydasız olmaz.
Hərçəndi sənətin çox rütbəsi var,
Həyata faydalı bir elmi axtar.
Bu əyri cizgilər cədvəlində sən
Özünü şərh edib, özünü öyrən!
Ol öz vicdanının sirrinə açar,
Çünki bu mərifət qəlbə nur saçar.
Hiylədən, riyadan daim kənar ol.
İsa mərifətli həkim ol, amma
İnsanı öldürən bir həkim olma.
Həm həkim, həm fəqih olsan sən əgər,
Hamının yanında adın yüksələr
Həyat da, ölüm də qul olar sana,
Səadət və şöhrət düşər payına.
Bir elmi öyrənmək istədikdə sən
Çalış ki, hər şeyi kamil biləsən.
Kamil bir palançı olsa da insan,
Yaxşıdır yarımçıq papaqçılıqdan.
Məndən söyləməkdir, səndən eşitmək,
Bir insan əliboş gəzməsin gərək.
SEVGİLİ CANAN
Müəllif: Nizami Gəncəvi
Hüsnün gözəl ayətləri, ey sevgili canan!
Olmuş bütün aləmdə sənin şəninə şayan
Gəl eylə inayət, mənə ver busə ləbindən,
Çünki gözəlin busəsidir aşiqə ehsan.
Sordum ki, “könül hardadır” aldım bu cavabı.
“Heç sorma, tapılmaz onu axtarsa da insan”.
Rəhm eylə, deyib, sel kimi göz yaşımı tökdüm
Kim, qanım ilə əl yuma, ey afəti-dövran!
İnsafın əgər varsa, açıq de, bu Nizami,
Sənlə necə rəftar eləsin, ey mahi-daban?
Gəl söylə, cavabın nə olar, sorğu zamanı,
Əhvalımı səndən soruşarsa Qızıl Arslan?
Nizami Gəncəvi. Az danışmağın gözəlliyi
Sözün də su kimi lətafəti var,
Hər sözü az demək daha xoş olar.
Bir inci saflığı varsa da suda
Artıq içiləndə dərd verir su da.
İncitək sözlər seç, az danış, az din,
Qoy az sözlərinlə dünya bəzənsin.
Az sözün incitək mə’nası solmaz,
Çox sözün kərpictək qiyməti olmaz.
Əsli təmiz olan saf mirvarılar,
Suya və torpağa min bəzək vurar.
Mə’dənlə dolsa da hər xəzinə,
Hər kiçik zərrəsi dərmandır yenə.
Ürəyi oxşayan bir dəstə çiçək,
Yüz xırman otundan yaxşıdır, gerçək!
Yüz ulduz yansa da göylərdə, inan,
Bir Günə baş əymək xoşdur onlardan.
Göydə parlasa da nə qədər ulduz.
Günəşdir nur verən aləmə yalnız.
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm
Müəllif: Nizami Gəncəvi
Aşiqəm, əmrini ver aşiqi-nalanə, gülüm,
Yanına ya gəlim əql ilə, ya divanə, gülüm?
Sevirəm qəlb ilə canım kimi cananımı mən,
Ölərəm, ya yetərəm sən kimi canana, gülüm.
Sənə dost olmağıma cümlə şəhər düşmən olub,
Məni əfv eylə, baxıb bir belə düşmənə, gülüm.
Harda görsəm səni, zülfundən öpüb yalvararam,
Aşiqəm, aşiqə yoxdur yazı, divan, a gülüm!
Sənsizəm, səndən uzaq kimsəni düşsün demərəm,
Yetməyir əl sənə, yox səbir də hicranə gülüm.
Könlüm sitəminlə canə yetdi
Müəllif: Nizami Gəncəvi
Könlüm sitəminlə canə yetdi,
Ahım odu asimanə yetdi.
Aynlmaram ölməyincə səndən,
Qəm xəncəri qəlbə, qanə yetdi.
Eşqi necə gizlədim cahanda,
Şurim o biri cahanə yetdi.
Karvan hələ çatmamış, yolunda
Köç növbəti gəldi, canə yetdi.
“Gözlə, gələrəm, — dedin, — Nizami!”
Tez gəl ki, zaman o anə yetdi.
Gördün nə bəla çəkdi başım eşqin ucundan?
Müəllif: Nizami Gəncəvi
Gördün nə bəla çəkdi başım eşqin ucundan?
Dözdüm qəminə, gəlmədi, bax, dostluğa nöqsan
Məzlumların naləsinə adət edibsən,
Bəs naləmə meyl eyləmədin, sevgili canan?!
Eyb etməz, ürək vermə mənə, çünki gözəlsən,
Dil verməmək adətdi gözəllərdə binadan.
Mümkünmüdür məni qurban edəsən?
Müəllif: Nizami Gəncəvi
Mümkünmüdür məni qurban edəsən?
Dərdlərimi görüb dərman edəsən?
Göz yaşımla islanmadan bədənim
Al qanıma məni qəltan edəsən?
Ürək demə, artıq əldən vermişəm,
Ona çarə özün, canan, edəsən!
Zəif ovam, saxla məni, öldürmə,
Heç dəyərmi məni qurban edəsən?
Göz dikmişəm dodağının şəhdinə,
Ümid var ki, bir gün mehman edəsən.
Bəlkə vurub ləblərinə möhrünü,
Nizamini bir Süleyman edəsən.
Söylə, bu Nizami necə səbr etsin, əzizim,
Eşqində qərarsız qalacaq, ey məhi-taban!
Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin
Müəllif: Nizami Gəncəvi
Cavanlıq köç edər, qoyma, gedər əldən, zaman keçsin,
İnanma, bir daha burdan qəribi-karixan keçsin.
İtən gənclik sorağilə qocalar yer süründükcə,
Bükülüdü bel, bu mümkünmü ömür daim cavan keçsin?
Əziz ömrü şirin tut ki, keçər, bərbad olar, qafil!
Qədr bil, vermə gəl əldən həyati-cavidan keçsin!
Canı can verib alsaydın bilərdin qədrini şəksiz,
Bilərmi oğru mal qədrin, ələ yaxşı-yaman keçsin.
Nə qəmlərdən qəm əksilməz, nə bir nöqsan tapar şadlıq,
Günün istər qara keçsin, ya istər şadiman keçsin.
Nizami, varsa eşqin coş nəvayi-ərğənun ilə,
Əlində saqinin gəlsin şərabi-ərğəvan keçsin!
Gözüm aydın, gözümə surəti canan görünür
Müəllif: Nizami Gəncəvi
Gözüm aydın, gözümə surəti canan görünür,
Mişki-ənbər saçaraq, ətrlə əfşan görünür.
Allaha şükür edirəm, ey gözümün nuru, bu gün,
Yar gəlib göz önünə, sərvi-xuraman görünür.
Ayrılıq zəhrini daddım, acı da olsa, vüsal,
İki dünyaya dəyər, eylə ki, hicran görünür.
Səni bir dəfə görənlər güvənir eşqimizə,
Nə üçün gözlərin, ey dil, belə giryan görünür?
Eşqini canım ilə bəslədi birlikdə könül,
Onsuz, ey sevdiyəcəyim, can evi viran görünür.
Ey sənəm, vəslin ilə, eylə ki, şad oldu könül,
Yırtdı qəm köynəyini, gül kimi xəndan görünür.
Şadlığından alışıb yandı Nizami, dedi ki:
“Gözüm aydın, gözümə surəti canan görünür”