Blog

Mənalı şeir❤️

Mənalı şeir axtarışında olanlar, burada tapa bilər. Sizlər üçün ən gözəl şeirləri bir yerə topladıq. Seirler.com komandası olaraq ən məşhur sevgi şeirlərini burada görə bilərsiniz. Bu həyatda insana verimiş ülvi hisslərdən biri də sevgidir. Məşhur şairlərimiz tərəfindən sevgi şeirlər vasistəsilə dilə gətirilmiş, bu ülvi hisslər sözlərlə gözəl şəkildə tərənnüm edilmişdir.

Hələ də sevirəm, sevirəm səni I Nüsrət Kəsəmənli



Günəşsən göylərdən enməyəcəksən
Sənsiz nə çəkirəm bilməyəcəksən
Bilirəm bir daha dönməyəcəksən
Hələ də sevirəm, sevirəm səni.

Bu bahar könlümə qəmi,
Mən oldum dəryada yelkənsiz gəmi,
Çiçəklər baharı sevdiyi kimi
Hələdə sevirəm, sevirəm səni.

Gedişin nə yaman agırmış, ağır
Qulağıma səsdir, adımı çağır
Üstümə qəm dolu yağışlar yağır
Hələdə sevirəm, sevirəm səni.

Gözlərim yoldadır qulağım səsdə
Ümidim çırpınır bir daş qəfəsdə,
Baş qoyub həsrətin qolları üstə,
Hələdə sevirəm, sevirəm səni.

 

Sevirsən I Furqani

Gözlərini zilləyərək rəsminə,

Saatlarla baxırsansa, sevirsən!

Xəyalıyla neçə-neçə arzular,

Qurursansa, yıxırsansa, sevirsən!


Bəzən ürək dediyini dil demir,

Eşq önündə neynər olsa «qəlb» dəmir?

Bir gün nədir, beş gün nədir? Bir ömür

Sorağına çıxırsansa, sevirsən!

Bu sevdanın darıxmağı olmaya,

Gah mum olur insan, gah da sal qaya,

Gah kükrəyib, gah da dönüb lal çaya,

Ona doğru axırsansa, sevirsən!


Üzün görsən gülər üzün o anda,

Gözlərində gözəlləşər cahan da.

Uzaqda da, yaxında da olanda,

Onunçun darıxırsansa, sevirsən!

Həsrət elə ağrıdır ki canında,

Qəbr əzabı bayram olar yanında…

Onu ömrün hər fəslində, anında,

İtitməkdən qorxursansa, sevirsən!

Əli Kərim – Qayıt

Həsrətin araya atdı dağ, dərə,
Sönən işıq oldun, batan səs oldun,
Qayıt, mənim gülüm, qayıt bu yerə,
Ey mənim istəyim, nə gəlməz oldun!

Ümidlər, arzular pərən-pərəndir,
Qəlbə təsəllidir xatirələrim.
Bir halını soruş, könlümü dindir;
Axşamlar yadıma düşür səhərim.

Qayıt, mənim gülüm, yerbəyer elə
Dərdli səhərləri, gecələri sən.
Çaşıb başqa yolla keçirəm evə,
Düz öz qaydasınca küçələri sən.

Qayıt, yerinə qoy Ayı, Günəşi-
Yenə olduğu tək görüm həyatı.
Qayıt, gözüm nuru, könlüm atəşi,
Qayıt, sahmana sal bu kainatı!

Gül sənin nəyinə gərəkdir, gülüm?  I Zəlimxan Yaqub


Gül sənin nəyinə gərəkdir, gülüm?
Öpən dodağı yox, oxşayan əli
Gəl, gül də, çiçək də özümüz olaq.
Sən bir az ağıllı, mən bir az dəli…

Gül sənin nəyinə gərəkdir, gülüm?
Sənin gülün mənəm, çiçəyin mənəm,
Güllü nağıllara getməsin ağlın.
Sənin həqiqətin, gerçəyin mənəm.

Gül sənin nəyinə gərəkdir, gülüm?
Hüsnün, gözəlliyin dünyada təkdir,
Əgər sən varsansa bu yer üzündə
Dünya başdan-başa güldür, çiçəkdir.

Gül sənin nəyinə gərəkdir, gülüm?
Qoxla nəfəsimi, çiçəyə döndər,
Şairin sözünə yalandır demə,
Bütün yalanları gerçəyə döndər…

SƏNİN GÖZLƏRİNLƏ ŞEİRİ
(Sabir Rüstəmxanlı)

Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,
Sənin gözlərinlə baxıram, canım!

Dörd gözlə baxıram gözəlliklərə,
Görürəm çəmənlər çiçək-çiçəkdir.
Sənin həvəsinlə gurlayır göylər,
Yağış da Səninçin töküləcəkdir.



Sevgin varsa | Mədinə Gülgün



Bir çiçəkdim, günəşimdin sən mənim,
Bir ürəkdim, atəşimdin sən mənim.
Yarpaqlarım günəşsizdir, sevgilim.
Qəlbim yaman atəşsizdir, sevgilim.
Qanadları kövrək quşam elə bil,
Həsrətinçin doğulmuşam elə bil.
İtirmişəm dincliyimi, yuxumu.
Necə deyim… heç insafın yoxdumu.
Bir ömürəm rəva görmə donum mən.
İstəyirəm atəşində yanım mən.
Paltarımı şəfəqlərdən biçib gəl,
Sevgin varsa, dumanları keçib gəl…

Dəniz, göy, məhəbbət  I Nəbi Xəzri


  
– Dənizi hədiyyə verirəm sənə…
Mən dedim, sən baxdın, sən gülümsədin.
Göylərin şəfəqi düşdü üzünə.
– Mən isə… göyləri verirəm, – dedin…

Ayrıldıq qəribə hədiyyələrlə,
Göylər eşqim kimi mənə əzizdir.
Ayrıldıq dənizlə, ağ ləpələrlə,
Necə aparasan? Dəniz dənizdir.

Dənizi verdim ki, sənə hədiyyə,
Gəldiyim sahilə gələsən bir də.
Məni görməyəndə o mənəm – deyə,
Mənimlə danışıb, güləsən bir də.

– Əgər görüşməsək, bizə dağ olar,
Dedim, neçə dəfə belə dedim mən.
Dəniz sahilinə qayıtmaq olar,
Göylərin sahili varmı, gedim mən?!

Düşündüm, ayrıldıq gələndən bəri,
Sən mənim eşqimə çıraq olasan.
Onunçün verdinmi mənə göyləri,
Məndən göylər qədər uzaq olasan?!

II

Mən bir dənizəm ki, eşqim səhərdir,
Səni düşünürəm, əzizim, yenə.
Mənim dalğalarım xatirələrdir,
Qoy çatsın qəlbinin
sahillərinə.

Əsl məhəbbət ki, böyük hünərdir,
Coşar ümman kimi təzə arzular.
Mənim dalğalarım
xatirələrdir,
Orda tufan da var, burulğan da var.

Dənizəm, eşqimdən qaçmaq hədərdir,
Mən ki, adlayıram çölü, çəməni.
Mənim dalğalarım,
xatirələrdir,
Gecə də, gündüz də tapacaq səni.

III

İstəsən yuxuna gələrəm sənin,
gələrəm dəniz kimi.
Üzünə incilər çilərəm sənin,
çilərəm dəniz kimi.
Yoluna şəfəqlər səpərəm hərdən
səpərəm dəniz kimi.
İstəsən üzündən öpərəm hərdən,
öpərəm dəniz kimi.
Adını qəlbinin sahillərinə
yazaram dəniz kimi,
“Sevirəm” söyləsən bir axşam mənə,
Susaram dəniz kimi,
Susaram dəniz kimi.

IV

Dünyada sakitlik aramadım mən,
Günəş kimi parla,
səhər kimi gəl.
Göylərtək yuxuma gəlmək istəsən,
Sən aylı, ulduzlu göylər kimi gəl.

Adla qucağından gur tufanların,
Mən baxım axşamdan səhərə kimi.
Adla ağ yoluyla kəhkaşanların,
Parlasın hər ulduz xatirə kimi.

Gəl, qış gecəsində,
yaz səhərində,
Dənizi göylərdən ayırmaq olmaz!
Sonsuz kainatın üfüqlərində,
Sən görüş vaxtını şimşəklərlə yaz!
Mən gərək nəğmətək səni dinləyəm,
Sən mənim eşqimlə, ürəyimləsən.

Nə qədər göylər var, mən səninləyəm,
Nə qədər dəniz var, sən mənimləsən.

Bezmişdim millətin çal-çağırından,
Uyusam – günüm yox, vərəq ağ keçir.
İndisə könlümdən bulağa, quşa,
Küləyə qoşulub oxumaq keçir.

Ax, necə gözəldir belə yaşamaq –
Yazın yaşılına qovuşan xəzan.
Sənin ilhamınla susmaz qələmim,
Sənin qanadınla kimdir uduzan…

Allah tapşırıqla göndərdi Səni,
İcazə sormadan qəlbimə girdin,
Şeytan ürəklərə pislik əkəndə
Dünyanı səssizcə gözəlləşdirdin.

Mənim təmənnasız yanan günəşim,
Ətriylə ömrümü dolduran çiçək,
Bir sevgi zirvəsi vermisən mənə,
Həm də o zirvəyə qalxmağa ürək!

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.

Bir yerin ağrısa ağrıyar canım,
Ey mənim damarda axan bu qanım.


Səni sevirəm… | Fidan Yusupova



Səni nə gündüzlər, nə də gecələr,
Səni hər günümdə gözləyəcəyəm.
Səni nə payızda, nə də ki, yazda
Gələn hər fəsildə gözləyəcəyəm.

Səni nə qəlbimlə, nə də ruhumla,
Bütün varlığımla bil, sevəcəyəm.

Səni nə indi, nə də ölüncə,
Mən səni əbədi çox sevəcəyəm.

Səni nə unutdum, nə xatırladım,
Sən ki, daim mənim düşüncəmdəsən.
Səni nə axtardım, nə də ki, tapdım
Sən hər an mənim ürəyimdəsən.

Gəl | Zaur Ustac

Ümiddən bir çələng hörmüşəm, gülüm.

Nə vaxtdır rəfində gözləməkdədir…

Dünyamda bir dünya qurmuşam, gülüm.

Haçandır üfiqdə bəkləməkdədir…

Gəl, nazı-qəmzəni sən qoy boxçaya,

Arzu-istəyini çıxar taxçaya,

Bu nədir, dönmüsən əntiq axçaya,

Cəmalın yad nəzər süsləməkdədir…

Ustacı etmisən, özünə möhtac,

Gözünün gülməsi, üzünə möhtac,

Ruhunun dinməsi, sözünə möhtac,

Həp ruhum, ruhunu izləməkdədir…

Mən səni sevirəm səndən xəbərsiz şeiri
(Mehri Qəmli)

Hər yeri axtarır gözlərim səni,
Yaman darıxmışam səninçün gülüm.
Unutmaq olarmı məhəbbətini,
Gəl mənim həyatım, gəl mənim ömrüm,
Yaman darıxmışam səninçün gülüm.

Sənsiz istəmərəm gülü,gülzarı,
Heç tənha qoyarmı Lalə baharı,
Atarmı sevirsə,sevən bir yarı,
Axı sən olmusan hər şirin sözüm,
Yaman darıxmışam səninçün gülüm.

Sən yoxsan susubdu sinəmdə ürək,
Gəl gülüm duyğuyla sevib-sevilək,
Parlasın gözümdə saf arzu,dilək,
Gəl mənim həyatım,gəl mənim ömrüm,
Yaman darıxmışam səninçün gülüm.


Darıxmışam I Günel Balakişi



Bizim üçün darıxmışam,
Şeir yazsam, gələrsənmi?
Sənə elə möhtacam ki, bu aralar…
Duysan….
Görsən….
Dönərsənmi?!

Elə yorub həyat məni…
Bilirsən ki, ağlamaqdan utananam.
Utanmaqdan keçib daha,
Hönkür-hönkür ağlayıram,
Göz yaşımı silərsənmi?

Hamı məndən üz çevirib,
Doğmalarım düşmən olub,
Qəlb sirdaşım,
Ürək dostum,
Bilsən, necə təklənmişəm?
Gəlib mənə ürək-dirək verərsənmi?

Baş götürüb getməyə də yerim yoxdur,
Satılmışam…
Dağılmışam….
Ruhum ölüb.
Mən, savaşdan sonra qalan xaraba bir yurd olmuşam.
Mənə həyat verərsənmi?

Gənc deyiləm,
Daha canda can qalmayıb.
Oxşadığın saçlarımı görməyəli çox ağarıb.
Bir zamanlar mənə dərman təkcə səndin…
İndi, hər yeməkdən əvvəl…
Sonra…dərman!
Eşitsən ki, bir xəstən var,
Gəlib ona dəyərsənmi?

Hər gün qonaqsan yuxuma.
Ruhum, gecə olan kimi sənə gəlir.
Nə olarki, sən, gerçəkdə mənə gəlsən,
Qucaqlasan….
Mən də sussam, qayğılardan uzaqlaşsam,
Səndə qalsam….
Yenə məni əvvəlkitək sevərsənmi?

Bizim üçün darıxmışam,
Şeir yazsam gələrsənmi..


  Səni sevirəm, adamım I Nübar Lətifli


Hər fürsətdə məni özümdən alan, başqa aləmə aparan,
Gözlərimin içinə baxmağını sevirəm.
İstiliyinlə donmuş barmaqlarıma dolaşa-dolaşa
Əllərimi tutmağını,
Daraqmış kimi barmaqlarına keçirib
Tellərimi oxşamanı,
Qulağımda hiss etdiyimdə üşütmə kimi məni donduran
Ehtiraslı pıçıltılarını,
Hər toxunuşda səni fərqli hiss etdirən
Ağ dərini sevirəm,
Səni sevirəm, adamım…

Məni çəpərə salırmışca qısqanmağını,
Bəzən coşaraq, bəzən sakitcə
Mənə hirslənməyini sevirəm.
Gözlərinin içindən gülümsəyərək
Təbəssümünü hiss etdirən dodaqlarını sevirəm.
Daim yanımda dayanmasını arzuladığım
Məğrur, dik vücudunu sevirəm,
Böyük əllərini sevirəm,
Tutduğunda heç vaxt yıxılmayacağımı düşünürəm.

Sən mənim həyatımsan
Həyatımı sevirəm.
Məni mən edən özümü sevirəm.
Rahatca sarıldığım boynunu sevirəm
Söykənə biləcəyimə inandığımçun səni sevirəm.
Mənə çox az halda “səni sevirəm” deməyini sevirəm.
Səhər fərqli, axşam fərqli rəng alan
Bəzən qəzəbli, çoxu vaxt sevgi dolu gözlərini sevirəm.
Mənə sarılmağını, gülü qoxlayırmışcasına içinə çəkməyini sevirəm.

Məni duyğulandıranı, şair edəni sevirəm.
Səni sevirəm, adamım, səni sevirəm!

Məni möcüzəylə gözləyən qadın şeiri

(Asim Bəy Kazımsoy)

Əvvəllər xəyala inanmırdın heç
İndi möcüzəmə olmusan şərik.
Gəl mənim arzumdan birini sən seç
Bəlkə qismət olar, biz görüşərik.

Ruhum ilahidən ilham alanda
Hiss edəm saçının ətrini, gülüm.
Axı nə fərqi var, sən olmayanda
Ya gəlsin yaşamaq, ya gəlsin ölüm.

Axtarma, xəyalım sənlə əl-ələ,
Hər səhər şeh düşən göy çəməndədir.
Daha istəmirəm ev bundan belə,
Sən mənim evimsən, evim səndədir.

Girib ürəyimin gül baxçasına,
Eşqimin çiçəyin sənmi dərmisən?
Baxmayım dünyada bir başqasına,
Mənə bir rəsmini göndərərmisən?

Orda nəfəsimlə nəfəs alırsan
Salıb ürəyinə şairin adın.
Sən məndən uzaqda necə qalırsan,
Məni möcüzəylə gözləyən qadın?…


Sevgi Nəğməsi I Məmməd Araz



Bir sevgi nəğməsi yaradım deyə,
Bu axşam bulanıb, duruluram mən.
Onu düşünərkən bilmirəm niyə
Başqa bir nəğməyə vuruluram mən.

Kiçik bir mahnını bəstələyincə
Xəyalın min eli dolansın gərək.
Sevən bir ürəyin səsini necə,
Necə dinləməsin sevən bir ürək…

Yenə dillənirsən qonşu otaqdan,
“Sus” demək gəlmir dilimdən, ay qız.
Dalmışam nəğmənə yenə bayaqdan,
Almısan nəğməmi əlimdən, ay qız.

 
Elə bil, deyir ki, qopan bir səda,
“Divar aramızda daşdan olsa da,
Gərək daş olmaya ürəklərimiz,
Bir varaq eləyək iki qəlbi biz”.

Susuram önündə o şeriyyətin,
Ürəyim dolsa da, ağ qalır kağız.
Qələmsiz, kağızsız ilk məhəbbətin
Yazır nəğməsini qəlbimə o qız. 

Kainat kimi şeiri
(Zəlimxan Yaqub)

Üzünü sevirəm!
Üzün həyatın özüdü.
Enişli, yoxuşlu,
Dağlı, dərəli,
Yaraşıqlı, mənzərəli!

Gözünü sevirəm!
Gözün həyatın özüdü.
Dənizli, dalğalı,
Tufanlı, ləpəli.
Cənnəti bu dünyada tapmışam,
O gözlərdən öpəli!

Özünü sevirəm,
Sən həyatın özüsən.
Həmişə canlı,
Həmişə hərəkətdə,
İşdə, sevgidə, bərəkətdə.

Üzünə də, gözünə də,
Özünə də qurbanam
Həyat kimi.
Səninlə işıqlıyam
Günəş kimi,
Kainat kimi!

Ayrılmayaq şeiri |  Rəsul Rza. 

Xəyalın yanımda, sən uzaqdasan,
Hicranın yolları ömür qədərdir.
Bu yalqız axşamda yuvama baxsan,
Mənəm, xəyalındır, bir də kədərdir.

Gəl ört pəncərəni, qalaq üz-üzə
Bir sən ol, bir də mən, bir də gözlərin
Vüsal qərq olurkən hicran dənizə,
Ağ bir yelkən olsun o son sözlərin.

Bir sən ol, bir də mən, bir də dərdimiz
Ağlayaq doyunca gülək doyunca,
Baş-başa qaldıqca bu möhnətdə biz,
Döysün qapıları külək doyunca

Döysün, qoy açmayaq yorulsun külək,
Qəmli hicran qalsın qapıda dustaq.
Bir az vüsalınla çırpınsın ürək,
Sonra… Sonra yenə biz ayrılmayaq…

Gizli sevgi şeiri
(Fikrət Qoca)


Sevgimdən qaçmışam uzaq şəhərə,
Burda da həsrətin gəlib, dayanıb.
Ətrin səpələnib bütün güllərə,
Gözünün rənginə göylər boyanıb.

Səninçün dünyada bəlkə yoxam mən,
Səni sevdiyimi heç bilməyirsən.
Gündüz xəyalımdan, gecə yuxumdan
Bir an da, bir an da çəkilməyirsən.

Ürəyim, daşa dön, bu sirri saxla,
Bu sevgi, bu bəla hardan enibdir?
Bizim taleyimiz evlə, uşaqla
Hərəsi bir yana zəncirlənibdir.

 Ölüncə eşqinlə olacağam mən,
Mən sənin ruhunda, qanında varam.
Üstünü kül örtmüş bir ocağam mən,
Balaca bir mehdən qaynayar yaram.



İstərəm I Əliağa Kürçaylı

Mən sənin eşqinin asimanında
Aya, ulduzlara çatmaq istərəm.
Min-min səadəti boyunbağıtək
Mən sənin boynuna atmaq istərəm.

Bir sən, bir mən olum, bir uçuq kaha,
Heç nə istəmirəm taledən daha.
Bütün kədərini alıb çox baha,
Sevinci havayı satmaq istərəm.

Yaşayım yüz il də, milyon da, min də,
Həyatım bitəcək həmin o gündə.
Sənin gözlərinin dərinliyində,
Boğulmaq istərəm, batmaq istərəm.

 

Sənin Gözlərinlə I Sabir Rüstəmxanlı 


Yanıram dünyanın dərdi-sərinə
Sevincə ikiqat qaynayır qanım.
İndi mən dünyaya Sənin yerinə,
Sənin gözlərinlə baxıram, canım!

Dörd gözlə baxıram gözəlliklərə,
Görürəm çəmənlər çiçək-çiçəkdir.
Sənin həvəsinlə gurlayır göylər,
Yağış da Səninçin töküləcəkdir.

Bezmişdim millətin çal-çağırından,
Uyusam – günüm yox, vərəq ağ keçir.
İndisə könlümdən bulağa, quşa,
Küləyə qoşulub oxumaq keçir.

Ax, necə gözəldir belə yaşamaq –
Yazın yaşılına qovuşan xəzan.
Sənin ilhamınla susmaz qələmim,
Sənin qanadınla kimdir uduzan…

Allah tapşırıqla göndərdi Səni,
İcazə sormadan qəlbimə girdin,
Şeytan ürəklərə pislik əkəndə
Dünyanı səssizcə gözəlləşdirdin.

Mənim təmənnasız yanan günəşim,
Ətriylə ömrümü dolduran çiçək,
Bir sevgi zirvəsi vermisən mənə,
Həm də o zirvəyə qalxmağa ürək!

Məni gözəl xatırla şeiri
(Mikayıl Müşfiq)

Məni gözəl xatırla, bunlar son sətirlərdir…
Fərz et ki, bir küləkdim əsib keçdim həyatından…
Yada bir yağış. Sel oldum küçələrində…
Sonra torpaq çəkdi suyu. Yox olub getdim…
Bəlkə də bir yuxu idim sənin üçün, oyandın və bitdim…

Məni gözəl xatırla…
Çünki sevdim səni mən. Hər şeyinlə…
Sənə sirdaş oldum, dost oldum. Çiynimdə ağladın…
Üzünə vurmadım heç bir əskikliyini…
Məni üzdün qınamadım, öyrəşdim vəfasızlığına. El oldun aldırmadım…

Məni gözəl xatırla…
Səhifələrcə məktub buraxdım sənə…
Şeirlər yazdım hər gecə, çoxunu oxutmadım…
Saxladım günahını, savabını içimdə. Səssizcə getdim…
Səndən əvvəlkilər kimi səndə anlamadın…

Məni gözəl xatırla…
Sənə unudulmaz anlar buraxdım. Sənə ən yorgun sabahlar…
Gülüşümü, gözlərimi… Sonra səsimi buraxdım…
Ən gözəl şeirləri oxudum gözlərinə baxa-baxa…
Söylənməmiş salamlar gizlətdim hər küncə…
Vidalar buraxdım dayanacaqda…
Nə axdarsan bir sevdanin içində artıqlamasıyla buraxdım ardımda…

Məni gözəl xatırla…
Dizlərimdə yatdığını düşün. Saçını oxşadığımı…
Xoşbəxt olduğun anları gətir gözünün önünə…
Birazdan qapını döyən insan olabiləcəyimi düşün…
Təəccübləndirməyi sevirəm bilirsən…
İndi səninlə yaşanan günləri atəşə verirəm…
Məni gözəl xatırla…
Gedirəm…


Sevdim səni | Mənsur Həsənzadə

Qismətimə düşməmiş diləyimdə dayandın,

Eşqim tufan qopardı, küləyimdə dayandın,

Küçəmizdən keçəndə ürəyimdə dayandın,

Küçədə sevdim səni!

Sən göylərdən enməmiş bu kainat necəydi?

Yerdə maraqsızıydı, göydə həyat necəydi?

Mən sənə vurulanda görən saat neçəydi?

Neçədə sevdim səni?

Buza dönmüş hisslərim beləcə çıxdı qışdan,

Milyon arzu doğarmış demə bircə baxışdan,

Mənə elə gəlir ki, səni tanımamışdan

Öncə də sevdim səni!

Yaxşı bilir çiçəklər yazın xasiyyətini,

Tez sevənlər gec bilər qızın xasiyyətini,

Çoxu kəşf edəmmədi qızıl xasiyyətini,

Külçədə sevdim səni!

Səntək gülərüzlünü, şəni sevdirib mənə,

Saf eşqimə, ruhuma təni sevdirib mənə,

Qurban olum Allaha, səni sevdirib mənə,

Necə də sevdim səni…!

Söylə, bəs hardaydın?  | Nəbi Xəzri

Sən gəldin,
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan?
Səni gözləmişdim ömrüm boyu mən,
Söylə, bəs hardaydın sən bu vaxtacan?

Keçib göy dərəni,
yaşıl çəməni,
Elə yaxın gəldin, elə uzaqdan!
Bəlkə min il əvvəl görmüşdüm səni,
Sərin su içəndə sən buz bulaqdan!

Elə bil üzləşdim
ilahi sirlə,
Bu nə möcüzədir, bu nə heyrətdir?!
Məhəbbət ölçülmür illə, əsrlə,
Məhəbbət ölçüsü əbədiyyətdir.

Zöhrə ulduzu tək
yanıb obaşdan,
Üfüqlər aşırdın xəyallarımda.
Sən hələ dünyaya göz açmamışdan,
Küsüb-barışırdın xəyallarımda.

Sən gəldin ömrümün
qarlı qışında,
Ruhumda ehtiras, ürəyimdə qəm.
Cənnət qapısının elçi daşında,
Hazırdım min il də səni gözləyəm.

O nəydi?
Zülmətdən gün çıxdı birdən,
Nə qədər ecazkar göründü cahan!
Səni axtarırdım ömrüm boyu mən,
Söylə bəs hardaydın sən bu vaxtacan?

Sevgi ayrılıqdan güclüdü, vallah. şeiri
(Müxtəlif: Baba Vəziroğlu)


Mən uzaq səfərə yol alan gəmi,
Səni tərk edirəm bir liman kimi.
Qorxma ayrılıqdan, burax əlimi,
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Dünyada nə qədər sevgi var bil ki,
Sən mənim dilimin əzəli, ilki.
Qorxma ayrılıqdan ölüm deyilki
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Sən hələ bilmirsən ayrılıq nədir
Hər səfər könlünü sıxır inlədir.
Ayrılan cisimdir, ruh səninlədir
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Sənsiz həyat deyil ömür gün mənə,
Tək sənsən ürəkdən yanan sən mənə.
Qorxma ayrılıqdan, inan sən mənə,

Sevgi ayrılıqdan güclüdü vallah.
 
Qorxu, intizar var ağlar gözündə
Neçə yalvarış var bircə sözündə
Bir gün biləcəysən elə özün də
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Nə fərqi yaxınam yada uzağam
Hələki səninəm nə qədər sağam.
Ölsəm o dünyadan qayıdacağam
Sevgi ayrılıqdan güclüdü, vallah.
 
Göz yaşı əbəsdi çıxıb gedəcəm
Könlümü odlara yaxıb gedəcəm.
Mən sənə, hamıya sübut edəcəm
Sevgi ayrılıqdan güclüdü, vallah.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *