seirler

Hacı Zeynalabdin Tağıyev haqqında melumat

Hacı Zeynalabdin Tağıyev 1823-cü ildə Bakıda kasıb başmaqçı ailəsində anadan olub. Anası Ümmü xanım Zeynalabdinin 10 yaşı olanda vəfat edir. Kiçik Zeynalabdin uşaqlıqdan təmkinli və zəhmətkeş idi. On yaşında atası onu bir bənnanın yanına usta köməkçisi işinə düzəldir. 12 yaşına çatanda o artıq daş yonurdu, 15 yaşında ikən bənnalıq etməyə başlamışdı. Bir müddətdən sonra tikinti ustası və təşkilatçısı kimi tanınmağa başlayır. 20 yaşında ev tikintisi və daşyonma işləri təşkil edir. 1873-cü ildə iki nəfərlə şərik olub Bibi Heybətdə icarəyə yer götürür. Avadanlıq alır, usta və fəhlələr tutur, buruq qurdurub quyu qazdırmağa başlayır. Nəhayət, quyu gözlənilmədən fontan vurur. Başmaqçı Tağının oğlu palçıqçı Zeynalabdin dönür olur milyonçu Tağıyev. Üç ilə şəhərin mərkəzində böyük bir saray tikdirir.

  O, Azərbaycan iqtisadiyyatının birtərəfli inkişafına qarşı çıxaraq yüngül sənaye müəssisələrinin işə salınmasına, bank, ticarət sektorunun inkişafına böyük zəhmət çəkmişdir. Bir sahibkar kimi onun fəaliyyəti bu gün iqtisadiyyatımızı, sahibkarlığı inkişaf etdirənlər üçün əsl nümunədir. Hacının xeyriyyəçilik fəaliyyəti çox sadə və sağlam prinsiplərə əsaslanırdı.

   Ölkənin o dövrdəki ictimai-siyasi və mədəni həyatında çox fəal iştirak edən Hacı Azərbaycan Xalq Cumhuriyyətinin qələbə çalması üçün də yardımlarını göstərmiş və daşnakların ağalığına son qoyulmasına var gücü ilə çalışmışdır. Təsadüfi deyil ki, Azərbaycan Xalq Cumhuriyyətinin rəhbərləri Hacı Zeynalabdin Tağıyevi özlərinin ağsaqqalı və himayədarı hesab edirdilər. Ədəbiyyat və ictimai fikir tariximizdə millət atasını öz sağlığında Nəriman Nərimanov qədər yüksək qiymətləndirən ikinci bir şəxsiyyət bəlkə də yoxdur. Hacının xaricə təhsil almağa göndərdiyi gənclər arasında Nərimanovun özü də olmuşdur.

   Əlindən neft və milyonlar səltənəti alınsa da, tikib-yaratdığı unikal binalar, müəssisələr, hətta təbii saxsı Şollar su boruları da sənət abidələri kimi hələ əsrlərlə yaşayacaq. Təkcə xüsusi mülkü olan qırx hücrəli indiki Tarix Muzeyi kifayətdir ki, paytaxtımıza qonaq gələnlərdə bu nadir şəxsiyyət haqqında təsəvvür yaratsın. Hacı Zeynalabdinin əsl bəraəti də məhz Azərbaycanın ikinci dəfə müstəqilliyi illərinə təsadüf edir. Bu dövrdə yaxın və bu günümüzədək xalqımızın milli iftixarı, böyük mesenat H.Z.Tağıyev haqqında bir çox bitkin və dəyərli əsərlər yaradılıb. Görkəmli yazıçılarımız və şairlərimiz-Qılman İlkin, Manaf Süleymanov, Oqtay Salamzadə, Teyyub Qurban, Balasadıq, Əli Əmirli və bu sətirlərin müəllifi də H.Z.Tağıyevin parlaq obrazını əsərlərində tərənnüm etmiş və onun fəaliyyətini tədqiq etmişlər.

111 yaşlı Tağıyev sarayı
   
   Tarixin yaddaşında Tağıyev sarayı kimi əbədiləşən və hazırda Milli Azərbaycan Tarixi Muzeyinin yerləşdiyi binanın 111 yaşı var. Saray 1895-1901-ci illərdə inşa olunub. Bakının baş memarı İosif Qoslavskinin layihəsi əsasında tikilən Tağıyev sarayı dövrünün ən gözəl binalarından biri idi. Sarayın inşasında 270 nəfər mühəndis, memar, dülgər, nəqqaş və başqa ustalar çalışıb. Sarayın daxilindəki bütün avadanlıq Rusiyadan, Fransadan, Amerikadan, Almaniyadan gətirilib. Məlumata görə, təkcə binanın tikintisinə 1,2 milyon rubl vəsait xərclənib.

 Tağıyev teatrı
   
   Bakı milyonçusu Hacı Zeynalabdin Tağıyev bu binanı (hazırda Musiqili Komediya Teatrının yerləşdiyi bina) 1883-cü ildə özünün taxıl anbarının özülü üzərində tikdirib. Tikintiyə mühəndis-memar Lemkul başçılıq edib. Bina bir neçə dəfə yanıb. Akademik Milli Dram Teatrı 1922-ci il yanvar ayının 17-dən 1960-cı ilin avqustuna qədər bu binada fəaliyyət göstərib. 1960-cı ildən teatr indiki binasına (Füzuli meydanına) köçüb. Tağıyev teatrı binası isə Azərbaycan Dövlət Musiqili Komediya Teatrına verilib. 1980-ci illərin sonunda uçmaq təhlükəsi olduğuna görə, həmin bina söküldü. Fasad görkəmi ilkin şəkildə saxlanılmaqla Tağıyev teatrı yenidən, müasir memarlıq üslubunda yenidən tikildi.

   Hacının son vəsiyyəti

Hacı Zeynalabdin Tağıyev Əbu Turabın ayağı altında dəfn olunmasını vəsiyyət edir.
1924-cü il sentyabrın 1-də zəmanəsinin ən qüdrətli şəxsiyyətlərindən biri sayılan Hacı Zeynalabdin Tağıyev dünyasını dəyişir. Onun vəsiyyətinə əməl olunur. Hacı Mərdəkandakı qəbiristanlıqda Əbu Turabın məzarının ayaq tərəfində dəfn olunur.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *