Yeni il şeirləri
Yeni il haqqında şeirləri buradan əldə edə bilərsiniz. Sayt üzərindən ən maraqlı şeirləri əldə edib oxuya bilərsiniz.
Şən Yolka
Müəllif ( Tofiq Mütəllibov )
Geyinibsən al-əlvan,
Budaqların çıraqban.
Dövrə vurub qız-oğlan,
Nəğmə deyir şən yolka,
Sən nə gözəlsən, yolka!
Dildə gəzir sorağın,
Bəzənib hər budağın.
Şaxta baba qonağın
Olmuş sənin, şən yolka,
Sən nə gözəlsən, yolka!
Çölü, meşəni bəzə.
Düzləri gəzə-gəzə
Hər il qonaq gəl bizə,
Ürək açan şən yolka,
Sən nə gözəlsən yolka!
Yolka Bayramı
Müəllif: Mirvahid Dilbazi
Yığılın gəlin
Uşaqlar hamı
Gəlin, şən keçsin
Yolka axşamı.
Tıq – tıq – tıq döyüb
Qapını birdən,
Qış baba baxır
Pəncərələrdən,
Ətəyi dolu
Əlvan kağızlar.
Onun içində
Gözəl şeylər var.
Pay gətiribdir
Qış baba sizə,
Deyir ki, tez ol,
Yolkanı bəzə!..
Eşiyə yağır
Quşbaşıtək qar,
Qış baba gəlib
Sizə payı var.
Budur açıldı
Qapı taybatay.
Qış baba dedi:
Aman ay- ay – ay,
Kənara durun
Ay uşaqlar siz.
Əzilib gedər
Yer – yemişiniz!
Qış baba evə
Bir nəzər saldı
Uşaqlar tezcə
Dövrəsin aldı.
Yolka yanında
Çökdü qış baba.
Yaşıl budaqlar
Bir – bir bəzəndi.
Xırda uşaqlar
Hamısı şəndi.
ŞAXTA ВABA
Xanımana Əlibəyli
Gəl bu xoşbəxt elimizi,
Təbrik elə, bir-birimizi,
Təzə gələn ilimizi
Şaxta baba, şaxta baba
Saçların ağ, saqqalın ağ,
Hansı evə getsən qonaq,
Hörmət edər hər bir uşaq
Şaxta baba, şaxta baba.
KƏLƏM KİMİ
Ələmdar Quluzadə
Dolmanı bükmək üçün
Ana kəsdi kələmi,
Heyrət, maraq götürdü
Bizim kiçik Kərəmi.
Gülə-gülə söylədi: –
Nə qədər paltarı var!
Əlbət qorxur ki, qarda
Şaxtada soyuqlayar…
Özü palto geymədən
Qaçıb getdi həyətə,
O, qar topu oynayıb
Xəstə yatdı bir həftə.
Haçan çöldə, bayırda
Su donur, qar görünür,
Kərəm çölə çıxanda
Kələm kimi geyinir.
XİZƏK MAHNISI
Zeynal Cabbarzadə
Çöldə külək əsir, əsir
Soyuq qılınc kimi kəsir.
Quşlar uçur uzaqlara,
Bilinməyir uçur hara.
Aman, odur qar da yağır,
Necə düşür ağır – ağır…
Külək daha dayanmışdır,
İndi daha çöldə qışdır.
Dizə çıxır küçədə qar.
Xizək sürür şən uşaqlar.
Anam evdə olsa əgər,
Oynamağa izn verər.
Gəldi anam işdən evə,
Məni öpdü sevə – sevə.
Almış idi mənə xizək
Çölə qaçdım mən sevincək.
Ay uşaqlar, ay uşaqlar,
Bax, mənim də xizəyim var.
ŞAXTA ВABA XOŞ GƏLiB
Müəllif: Əhməd Cəmil
…Qopdu bayırda tufan,
Uğuldadı yel, boran.
Döyüldü pəncərə bərk,
Açdı qapını külək.
Yelləndi çil-çiraqlar,
Doldu evə soyuq qar…
Aha-aha deyəsən,
Şaxta babadır gələn!
Saç-saqqalı tamam ağ,
Başında qardan papaq.
Girdi evə bir qoca
Boyu çinardan uca.
Yapıncısı buz kimi.
Parlayır ulduz kimi.
Qotazlı, qar xurcunu,
Uşaqlar görcək bunu-
Alıb dövrəyə həmən,
Tutdular ətəyindən:
- Şaxta baba!…
- Şaxtacan!…
- Haradasan bu vaxtacan?…
YENİ İL
Zeynal Xəlil
Əsir qışın küləyi
Küçələrdə soyuq, qar,
Oynayırlar qar topu
Dəstə – dəstə uşaqlar.
Bağçalarda dəydikcə
Soyuq qışın sazağı,
Alma kimi qızarır
Körpələrin yanağı.
Böyük yolka qurulub
Meydançada bax yenə.
Nəğmə deyir uşaqlar
Gözəl qışa, Vətənə,
Yox, yox! Gəlin hələ siz
Bəzəklərə baxın bir,
Bu sayrışan işıqlar
Bir – birindən gözəldir!
Əlində böyük əsa,
Başında da qar papaq
Şaxta baba yenə də
Bizlərə gəlmiş qonaq,
Uşaqlarla o, yenə
Gözlərində məhəbbət
Bəzən də edir söhbət,
O, söyləyir: – Uşaqlar,
Oynayın qəşəng – qəşəng;
Sizin yeni iliniz
Görüm olsun mübarək!
Sevin dərsi, zəhməti,
Sadiq olun yoldaşa;
Sevin аnа Vətəni,
Ziynət verin hər daşa.
Daha gözəl olacaq
Xalqımızın həyatı!..
Qış
Müəllif: Məmməd Rahim
Qar bürüyüb dağları,
Bağçaları, bağları.
Donub çaylar, bulaqlar.
Buz bağlayıb budaqlar.
Qış belə dovran sürür.
Əllərilə öldürür
Zərərli böcəkləri.
Qışa pis deyənmi var?
Taxılı örtməsə qar
Bir qalın yorğan kimi,
Sünbüllər ümman kimi
Zəmidə dalğalanmaz.
Qış bizə nemət verir,
Dad verir, ləzzət verir.
Qar düşməsə çöllərə,
Qovuşmarıq güllərə.
Sevimli bahar olmaz,
Bağçalarda bar olmaz.
Qış bizə nemət verir,
Dad verir, ləzzət verir.
Ən maraqlı yeni il şeirlərini sizlərlə bölüşdük siz də uyğun bildiyiniz şeirləri məqalənin sonunda rəy hissəsində bizimlə bölüşün siyahımızı artıraq və daha çox şeirlər paylaşaq. Təşəkkürlər.