seirler

20 yanvar şeirləri

20 yanvar haqqında yazılmış bütün şeirləri bu səhifədən tapa bilərsiniz. Siz də hər hansı şeirlərin bu səhifəyə aid olduğunu düşünürsünüzsə bizimlə bölüşün. Məşhur şairlərimizin 20 yanvara aid şeirləri və yazılarını buradan oxuya bilərsiniz.

1️⃣ Bəxtiyar Vahabzadə – Şəhidlər

Qatil gülləsinə qurban gedərkən,
Gözünü sabaha dikdi şəhidlər.
Üçrəngli bayrağı öz qanlarıyla
Vətən torpağına çəkdi şəhidlər.

Zalım öyünməsin zülmləriylə,
Min bir böhtanıyla, min bir şəriylə.
Həqiqət uğrunda ölümləriylə
Ölümü kamına çəkdi şəhidlər.

O şənbə gecəsi, o qətl günü, –
Mümkünə döndərdik çox namümkünü.
Xalqın qəlbindəki qorxu mülkünü,
O gecə dağıdıb sökdü şəhidlər.

Tarixi yaşadıb diləyimizdə,
Bir yumruğa döndük o gecə biz də.
Yıxıb köləliyi ürəyimizdə
Cəsarət mülkünü tikdi şəhidlər.

Onlar susdurulan haqqı dindirər,
Qaraca torpağı qiymətləndirər.
Donan vicdanları qeyrətləndirər,
Axı, el qeyrəti çəkdi şəhidlər.

Bilirik, bu bəla nə ilkdi, nə son,
Ölürkən uğrunda bu ana yurdun.
Quzu cildindəki o qoca qurdun,
Doğru, düz cildini çəkdi şəhidlər.

Dözdü hər zillətə, dözdü hər şeyə,
“Dünyada mənim də haqqım var”, – deyə
Kütləni xalq edən müqaviləyə
Qanıyla qolunu çəkdi şəhidlər.

İnsan insan olur öz hünəriylə,
Millət, millət olur xeyri, şəriylə.
Torpağın bağrına cəsədləriylə,
Azadlıq tumunu əkdi şəhidlər.

2️⃣ Qabil – Mərsiyə

Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Tutulub vahimədən nitq bu gün, dil bu səhər,
Bəzəyib Abşeronu qanlı qərənfil bu səhər,
Bakı fəryad eyləyir, gözdən axır sel bu səhər.
Gəmilər nalə çəkir, ərşə çıxır zil bu səhər,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Öz Qızıl ordumuzun Yurdumuza qəsdinə bax,
Üstümə tank yeridən fitnəkarın şəstinə bax,
Gözü qanımla xumar düşmənimin məstinə bax,
Qara bayraqlarımın cərgəsinə, dəstinə bax,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Öldü gənc, öldü uşaq, öldü gəlin-qızlarımız;
Ölmədi! Şanlı şəhid oldu neçə yüzlərimiz,
Bu saat Kərbübəla düzləridir düzlərimiz;
Necə qan ağlamasın üzlərimiz-gözlərimiz?!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Kim görüb böylə, mərasim ola milyonlar ilə?
Bakı insan axınıyla dola milyonlar ilə,
Salına şanlı şəhidlər yola milyonlar ilə,
Analarla bacılar saç yola milyonlar ilə,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Qəbrin üstündə də heç kukla olar çanta ilə,
Ağ gəlinlik fatası… qırmızı al lenta ilə,
Bəs Kremlin görəsən fərqi nədir Xunta ilə?!
Açınız tarixi, həm indi elə, onda elə…
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Düşdü dildən-dilə bu qətl, bu matəmgahımız,
Çatdı hər ölkəyə bu şərhi-bəyani ahımız,
Gördü aləm ki aman… cəlladımızmış şahımız…
Yoxsa da bir kəsimiz, vardı fəqət, Allahımız,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Hər qızıl güllü məzar – sinəmizin dağı, məzar!
Əyilir üstünə göy qübbəsinin tağı, məzar!
Hər məzar qanlı beşik – laylaları ağı, məzar!
Dayanıb kam alacaq bizdən hələ yağı, məzar!
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

Ey Vətən oğlu, Vətən övladı, sil göz yaşını!
Qan haçan yerdə qalıb, tazələ öz yaddaşını!
Çox görüb, Qabil, Azərbaycanım işğal qoşunu,
Görməyib ancaq hələ böylə cinayət işini…
Yazmışıq təqvimə qan ilə bu yanvar qışını,
Gecəni atəş ilə qırmızı dan eylədilər,
Xalqımı-millətimi güllə-baran eylədilər!

3️⃣ Zəlimxan YAQUB: ŞƏHİD QANI

Məyus olma amandır,
Məyus olmaq yamandır.
Qorxaq diləksiz yaşar,
Millətim qəhrəmandır!

Məhəmməd Hadi

Həyatımda ilk dəfə bu qədər qan görürdüm,
Qızıl qana bələnmiş sökülən dan görürdüm,
Qan içində çalxalanan Azərbaycan görürüdüm
Yerdən, göydən, dənizdən axırdı şəhid qanı!

Əzizinəm qan ağlar,
Könül ağlar, can ağlar.
Bu gün yaman günümdür,
Mərd yanar, meydan ağlar.

Həyatımda ilk dəfə bu qədər gül görürdüm,
Hər gülün arxasında sınan könül görürdüm,
Bütün Azərbaycanı məlul-müşkül görürdüm,
Dünyanı yandırırdı, yaxırdı şəhid qanı!

Əzizim nələr gördüm,
Dərd dağı dələr gördüm.
Min şəhidin yasında
Bir xalqı mələr gördüm.

Həyatımda heç zaman belə dərd görməmişdim,
Dərdi belə amansız, belə sərt görməmişdim,
Mənim düşmənim qədər mən namərd görməmişdim,
Namərdlərin başında çaxırdı şəhid qanı!\

Əzizinəm yas günü,
Yas-qara libas günü.
Qoymaram qiyamətə
Qala bu qisas günü.

Bu yükü götürməyə hər çiyində tab olmaz,
Hər sözü, cümləsi qan, heç belə kitab olmaz,
Bir xalqın ürəyində bu qədər əzab olmaz,
Bu milləti yay kimi sıxırdı şəhid qanı!

Əzizim sıxar məni,
Bir yana çıxar məni.
Bu qədər göz yaşları
Dağ olsam, yıxar məni.

Yağış olub yağırdı, qar olub əriyirdi,
Dağ olub tərpənirdi, daş olub yeriyirdi,
Bizimlə ağlayırdı, bizimlə kiriyirdi,
Hamının gözlərindən baxırdı şəhid qanı!

Əzizim qara qanlı,
Çək zülfün dara qanlı.
Cəllad, əlin qurusun
Güllə sərt, yara qanlı.

Dost-düşməni seçirdi ayran ilə yağ kimi,
Tanıdırdı dünyaya şəhidləri sağ kimi.
Bir inamı yerindən qaldırırdı dağ kimi,
Bir inamı kökündən yıxırdı şəhid qanı!

Əzizim başa çıxdı,
Yol gəldi daşa çıxdı,
Bir inama güvəndim
Əllərim boşa çıxdı.

Xalqıma yamaq olan maymaqların, kütlərin,
Yalan üstə əyləşən allahların, bütlərin,
Peysəri yoğunların, qəlbi, beyni lütlərin,
Axır ki, axırına çıxırdı şəhid qanı!

Əzizim yalan olmaz,
Yad dərdə qalan olmaz.
Kişi satqın çıxmasa,
Torpağı talan olmaz.

Heç vaxt şərin atını uzağa sürmək olmaz,
Belə ağır günahın altına girmək olmaz.
Onu torpaqdan silib, yerdən götürmək olmaz
Düşmən qoy yaxşı bilsin, ağırdı şəhid qanı!

Əzizim keçər gedər,
Gələnlər köçər gedər,
Hər kəs öz əkdiyini
Axırda biçər gedər.

Alçaqların başında qiyamətlər qoparan,
Vətənin dar günündə dəniz kimi qabaran,
Zaman-zaman bu xalqı haqqa doğru aparan
Yoldu, izdi, naxışdı, cığırdı şəhid qanı!

Əzizim ordu məni,
Qan tökdü yordu məni.
Qoy bu dünya tanısın
Şəhidlər yurdu məni!!!

4️⃣ Məmməd Aslan – AĞLA, QƏRƏNFİL, AĞLA

Sinələr güllə-güllə,
Qan axır, dönür gülə.
Qərənfillər ağlayır,
Düşmənə gülə-gülə.
Ağla, qərənfil, ağla!

Qərənfillər qoşadı,
İkisi baş-başadı.
Sizdən qalan günləri
Qərənfillər yaşadı.
Ağla, qərənfil, ağla!

Qərənfil – şəhid qanı,
Ağla, qərənfil, ağla!
Ağla, inlət meydanı,
Ağla, qərənfil, ağla!

Cavanlara qıydılar,
Tanklar altda qoydular.
Qanın içib doydular,
Ağla, qərənfil, ağla!

Hər şəhidə bir düzüm,
Abşeron – qan dənizim.
Sən – mənim ağlar gözüm,
Ağla, qərənfil, ağla!

Uzaq mənzil, acı yol,
Yoldu, yol, əlacı yol!
Şəhidlərə bacı ol;
Ağla, qərənfil, ağla!

Kərbəla – qan çöllərə,
Puç olan qönçələrə,
Nazənin incilərə
Ağla, qərənfil, ağla!

Bəxti asılan qıza,
Hünəri aslan qıza,
Toyu yas olan qıza
Ağla, qərənfil, ağla!

Ağla, ürək boşalsın,
Ünün göyə baş alsın.
Ağla, dağlar yumşalsın,
Ağla, qərənfil, ağla!

Bu təklənmiş şirlərə,
Bu arxasız ərlərə,
Bu talesiz nərlərə
Ağla, qərənfil, ağla!

Bu günahsız qanlara,
Bu didilmiş canlara,
Bu cansız cavanlara
Ağla, qərənfil, ağla!

Bu bədənsiz qollara,
Bu uçunan yollara,
Bu yiyəsiz qullara
Ağla, qərənfil, ağla!

Bu səngiməz ağrıya,
Bu qan sızan sarğıya,
Bu Allahsız qurğuya
Ağla, qərənfil, ağla!

Bu qara yazılara,
Bu körpə quzulara,
Quruyan arzulara
Ağla, qərənfil, ağla!

Xeyrə şər üstün gəldi,
İniltili ün gəldi…
Ağlamalı gün gəldi,
Ağla, qərənfil, ağla!

5️⃣ Məmməd İLQAR

Vətən, başa çox iş gələr,
Baş əymə, başın sağ olsun.
Biz ölməyə doğuluruq,
Torpağın-daşın sağ olsun.

Neçə cəfakeşin qalır,
Bir evdən bir qoşun qalır,
Beşin ölsə, beşin qalır,
O qalan beşin sağ olsun.

Çat verir, çatlayır dözüm,
Sən çatlama, canım-gözüm.
Bizi ağlamağa gözün,
Bir də göz yaşın sağ olsun!

6️⃣ Ayaz Arabaçı – QƏRƏNFİLLƏRİN

Qabaqlar ayrı cür şeir yazırdım,
Gözünə-qaşına qərənfillərin.
İndi hər baxanda məni don vurur,
Dözmürəm qışına qərənfillərin.

Qəlbimi,ruhumu oda yaxırlar,
Bağrımı duzlayıb şişə taxırlar,
Mənə hər yanvarda soyuq baxırlar,
Gəlmirəm xoşuna qərənfillərin.

Ağrıdan dişinə sıxıb canını,
Soyuq qəbirlərin kəsir yanını,
Kim çəkib bu qədər şəhid qanını,
Üstünə-başına qərənfillərin.

Dərdim adaq-adaq,pillə-pillədi,
İçimdə qeyrətin közü küllədi,
Sinəmə tuşlanan qızıl güllədi,
Qaçıram tuşuna qərənfillərin.

Nə desin,canından bezar nə desin,
Qan üstə od tutan bazar nə desin,
Bu adsız-ünvansız məzar nə desin,
Gözünün yaşına qərənfillərin.

Qədirlik,qurbanlıq püşkə düşəydim,
Hər gün bu ilahi eşqə düşəydim,
Mən də şəhid olub keşkə düşəydim,
Bir gün ağuşuna qərənfillərin.

İsmət işığıdı,həya tülüdü,
Leyli fəryadıdı,Kərəm külüdü,
Dünyanın yeganə şəhid gülüdü,
Bəxtəvər başına qərənfillərin.

7️⃣ Elşən ƏZİM – ŞƏHİDLƏRİMİZİN XATİRƏSİNƏ

Eşitmişəm, bir məqam var,
Atam, dünyadan yuxarı.
Nə sirdi, torpağn altda,
yatan dünyadan yuxarı.

Ucuzdur beş arşın ağı,
Bazar günahdan aşağı.
Alan Allahdan aşağı,
Satan dünyadan yuxarı.

“Bildiyimiz bilməcədi,”
Dağlar fələkdən qocadı.
Vətən behişdən ucadı-
Vətən dünyadan yuxarı!

8️⃣ Mayil DostuKÜLÜM GÖZLƏYİR

İgidlərim şir olacaq,
Vətən bütöv, bir olacaq,
Yurdlar əziz pir olacaq,
Gələcək o ilim mənim.

Bülbül havalanıb uçmur,
İnciyibdi, qönçəm açmır,
Daha qızlar dərib qaçmır,
Qəribsəyib gülüm mənim.

Yurd sarıdan üzüm qara,
Qisas hara, söhbət hara?
Düşmənə vuracam yara,
Uzanacaq dilim mənim.

Qürurum, vüqarım enməz,
Hərarətim, odum sönməz,
Qarabağdan üzüm dönməz,
Yol gözləyir külüm mənim.

9️⃣ Müzəffər Məzahim – 20 yanvar

Bu gün arzumuzun azadlıq günü,
Bu gün azadlığın zurvə günüdür.
Ulu babaların səpdiyi dəni,
Göyərdən millətin zərbə günüdür.

Bu gün min illərlə gələn yollarıın,
Sabaha açılan hür qapısıdır.
Haqqını istəyən mərd oğulların,
Şərəflə keşdiyi nur qapısıdır.

Bu gün yer üzündə ən qədim xalqın,
Özünə yenidən dönüm anıdır.
Vətəni canından çox sevənlərin,
Vətən qarşısında imtahanıdır.

Bu gün hüzün günü, qəm günü deyil,
Fəxarət günüdür, qürur günüdür.
Xalqın varlığını təsdiq eləyən,
Şərafət günüdür, möhür günüdür.

Bu gün öz qanıyla yazdı bu millət,
Ən yeni tarixin salnaməsini.
Ucaldı müqəddəs şəhidləriylə,
Çatdırdı dünyaya haqqın səsini.

Bu gün azadlığın, müstəqilliyin,
Qan ilə yazılmış təməl günüdür.
Ölümün üzünə dik baxa-baxa,
Özgür yaşamağın bədəl günüdür.

Bu gün ürəklərdən qorxunun, xofun,
Ölümün əliylə çıxan günüdür.
Millətin divləri, əjdahaları,
Birliyin gücüylə yıxan günüdür.

🔟 Təvəkkül Goruslu – Qisas dadır

Yavaş yeri, asta dolan,
Bu torpaqda şəhid yatır!
Çiçək deyil burada solan,
Qərənfildi qanda batır!

Salam söylə, endir başın,
Şəhid ruhu inciməsin!
Nalə çəksin, öpsün daşın,
Zəminxarə səngiməsin!

Güllə səsi gəlir burdan,
Burda səssiz ruh ağlayır!
Can alışır burda qordan,
Burda ələm, qəm çağlayır!

Müqəddəsdi o qara daş,
Müstəqillik, İstiqlaldı!
Əli yalın gedən savaş,
Özgürlüyə çığır saldı!

Bu torpağı Vətən etdi,
Cərgə – cərgə gömülən can!
Bayraqları bayraq etdi,
Köynək – köynək tökülən qan!

Asta yeri, təzimlə dur ,
Bu torpaqda şəhid yatır!
Qaytar yurdu, əzmlə dur,
Şəhid qanı qisas dadır!

20 yanvar şəhidlərimizin xatirəsinə olan şeirləri buradan oxuyub daha çox adama çatması üçün paylaşa bilərsiniz. Bundan başqa əlavə etmək istədiyiniz şeirləri bizə göndərə bilərsiniz.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *